Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının əksidir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılıb.
×
Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının əksidir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılıb. 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov deyib.
General-polkovnik qeyd edib ki, “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr verib. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq.
Təşkilatın sədri bildirib ki, milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçib. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb.
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, KİV-in fəaliyyətini yüksək qiymətləndirir. Azərbaycan Prezidentinin bugünkü sərəncamları ilə 138 KİV əməkdaşının mükafatlandırılması, mediaya dəstək məqsədilə əlavə vəsaitin ayrılması dövlətimizin başçısının jurnalist əməyinə və mətbuata göstərdiyi yüksək qiymətin əyani təzahürüdür. Odur ki, bu əlamətdar gün münasibətilə ölkənin bütün media təmsilçilərini, o cümlədən “Azərbaycan veteranı” qəzetinin əməkdaşlarını, dövlət mətbuatının nümayəndələrini Respublika Veteranlar Təşkilatının kollektivi və öz adımdan təbrik edir, onlara məsuliyyətli və şərəfli işlərində yeni uğurlar arzulayıram”, - deyə T.Ağahüseynov vurğulayıb.