×
2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsi uğrunda silaha sarılanlardan biri də Eyyub Tağıyev olub. Ağdərə, Goranboy və Murov istiqamətlərində döyüşən əsgər Eyyub Tağıyev oktyabrın 23-də Ağdərənin müdafiə xəttində yaralanıb. Odlu silahla yaralandığına görə bud-çanaq sümüyü sınıb və oturaq siniri zədələnib.
Yaralandıqdan bir gün sonra əməliyyat olunan qazi 4 ay yataq xəstəsi olub. Oynağına mil qoyulduğuna görə hərəkəti məhdudlaşıb. Daha sonra yeriməyə başlayanda çətinlik çəkən qazi müxtəlif müalicələr alıb. Eyyub Tağıyev qeyd edir ki, o, bu ilin yanvar ayında ortoped-cərrah İlqar Qasımovun icra etdiyi əməliyyatdan sonra özünü daha yaxşı hiss edir.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İlqar Qasımov qazinin ümumi vəziyyəti barədə AZƏRTAC-a deyib: “22 yaşlı igidimiz bizə iki həftə əvvəl müraciət etdi. Qazinin problemi bud sümüyünün boynunun sınığı idi. Odlu silahla yaralanması nəticəsində oturaq siniri də zədələndiyinə görə vəziyyəti daha ağır qiymətləndirildi. İri oynaqların odlu silah ilə yaralanmasına nadir hallarda rast gəlinir və müalicəsi daha ciddidir. Lakin şükürlər olsun ki, müasir ortopediyada süni oynaq implantasiyası həmin xəstələri normal həyata qaytarmağa, hərəkət məhdudiyyətini aradan qaldırmağa imkan verir. Ona görə də dəyərləndirmə apardıqdan sonra xəstədə endoprotezləşdirmə əməliyyatı icra etməyə qərar verdik. Dövlət vəsaiti hesabına qazinin əməliyyatı üçün ən müasir keramik implant aldıq. Qazi əməliyyatdan bir gün sonra ayağa qalxdı. İndi isə cəmi bir həftə keçməsinə baxmayaraq, sağlamlıq vəziyyəti çox yaxşıdır. Qeyd etmək yerinə düşər ki, odlu silah yaralanmalarında ən ciddi risk infeksion fəsadlardır. Ona görə də qazi daim nəzarətdədir, yarası da, şükürlər olsun ki, sağalır. İnanırıq ki, igidimiz qısa müddətdə yeni oynaqla yeni həyata qayıdacaq”.
Həkimin dediyinə görə, Eyyubun bundan sonrakı müalicəsi də süni oynaq implantasiyasının protokoluna əsasən aparılacaq: “Qazi 5 gündən sonra evə buraxılacaq. Bir aydan sonra isə rentgen müayinəsindən keçəcək, klinik dəyərləndirmə aparılacaq. Qısa müddət sonra onun bir əsa ilə rahat hərəkət edə biləcəyini düşünürük. Sümük bərpa oluna bilən toxuma olsa da, proses uzun müddət davam edir. Ona görə də hərb meydanındakı müharibə başa çatsa da, ortopedlərin “müharibəsi” hələ onillərlə davam edə bilər. Onu da qeyd edim ki, Vətən müharibəsindən sonra ümumilikdə 270 qazi ortopedik əməliyyat olunub. Bu, mərhələli şəkildə davam etdiriləcək”.
Vətən müharibəsi qazisi Eyyub Tağıyev əməliyyatın uğurlu keçdiyini bildirib. O, dövlət qayğısından və həkimlərin diqqətindən razılığını ifadə edib. Qeyd edib ki, əməliyyatdan əvvəlki vəziyyəti ilə indiki vəziyyəti arasında çox böyük irəliləyiş var: “Əməliyyatdan sonra gəzir, rahat şəkildə oturub-qalxıram. Əvvəl əsa ilə gəzsəm də, normal yeriyə bilmirdim, çətinlik çəkirdim və sağ qıçım həddən artıq qısa idi. İndi isə ayağımın qısalığı aradan qaldırılır. İlqar həkimin və onunla birlikdə çalışan tibb işçilərinin çox böyük zəhməti hesabına sağlamlıq vəziyyətimdə ciddi yaxşılaşma var. Hazırda özümü yaxşı hiss edirəm, müəyyən ağrıların olması isə normal hal hesab olunur. Əziyyəti keçən, diqqət və qayğı göstərən hər kəsə təşəkkürümü bildirirəm”.