Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən bütün peyvəndlər “omikron” ştamına qarşı effektivdir.
×
Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən bütün peyvəndlər “omikron” ştamına qarşı effektivdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyə edir ki, sağlamlıq problemi olanlar, xüsusilə də yaşlılar "buster" doza ilə peyvəndlənsinlər.
AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin Avropa üzrə regional ofisinin peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə eksperti və proqram meneceri Siddhartha Sankar Datta jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda əhalinin təxminən 20-25 faizi "buster" doza qəbul edib: "Bundan sonra ölkədə epidemioloji vəziyyətin stabilləşəcəyini ehtimal edirik. Əlbəttə ki, pandemiya nəzarətdə saxlanılmalıdır. Sevindirici haldır ki, bu gün xəstəlik barədə bir-iki il əvvəlki ilə müqayisədə, daha çox məlumatlıyıq. Hazırda daha yaxşı diaqnostik alətlərimiz və effektiv peyvəndlərimiz var. Son məlumatlar göstərir ki, koronavirusla bağlı ağırlaşma halları, hospitalizasiya olunanların və həyatını itirənlərin sayı azalıb. Amma, əlbəttə ki, ehtiyatlı davranmalı, qaydalara riayət etməliyik. Nəzərə almaq lazımdır ki, COVID-19-un yeni ştamı yaranarsa, vəziyyət dəyişə bilər”.
Qeyd edək ki, Azərbaycanda üç və daha çox vurulan vaksin dozalarının sayı 2 milyon 566 min 634, pozitiv nəticədən sonra vurulan “buster” dozaların sayı isə 196 min 138-dir.