Ürək-damar xəstəlikləri hər il dünyada baş verən təxminən 17,9 milyon ölüm halının əsas səbəbidir. Ürək-damar xəstəliklərindən ölüm hallarının beşdə dördündən çoxu infarkt və insult nəticəsində baş verir.
×
Ürək-damar xəstəlikləri hər il dünyada baş verən təxminən 17,9 milyon ölüm halının əsas səbəbidir. Ürək-damar xəstəliklərindən ölüm hallarının beşdə dördündən çoxu infarkt və insult nəticəsində baş verir. Həmin ölümlərin üçdə biri vaxtından əvvəl və 70 yaşdan aşağı yaş kateqoriyasındakı insanları əhatə edir. Ürəyin işemik xəstəliyi və insult üçün ən yüksək risk amilləri qeyri-sağlam qidalanma, zəif fiziki aktivlik, tütün və alkoqol məhsullarının zərərli istifadəsidir. Risk amillərinin təsiri yüksək qan təzyiqi, yüksək qan şəkəri və ya lipid səviyyələri, artıq çəki və ya piylənmə kimi də özünü göstərə bilər.
Tütün, alkoqol istifadəsini tərgitmək, duz qəbulunu azaltmaq, meyvə-tərəvəz qəbul etmək ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanov Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresində deyib.
V.Qurbanov bildirib ki, tibb elminin müasir dövrdə inkişaf etməsinə baxmayaraq, dünyada ölümə və hətta əlilliyə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yerdə qərarlaşır. Qeyd olunub ki, dünya üzrə ümumi ölüm hallarının təqribən yarısı məhz bu xəstəlik səbəbindən baş verir.
"Son illərdə Prezident İlham Əliyevin ölkədə apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən, səhiyyə sahəsində böyük inkişaf əldə olunub. Səhiyyənin tərkib hissəsi olan Azərbaycan kardiologiyası və kardiocərrahiyyəsi bu gün dünya ilə rəqabət apara biləcək səviyyəyə yüksəlib. Respublikamızda öz inkişaf tempinə görə kardiologiya və kardiocərrahiyyə səhiyyə sahələri arasında ilk sırada qərarlaşıb. İnvaziv kardiologiya ağır ürək-damar xəstəliklərinin müalicəsində əsas rol oynayan müasir müayinə və müalicə üsullarındandır. İlk angioqrafiya laboratoriyaları Bakıda təşkil olunub, daha sonra belə laboratoriyalar Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində də yaradılaraq, fəaliyyətə başlayıb. Bu gün dörd böyük şəhərdə angioqrafiya laboratoriyaları var və ürək əməliyyatları icra edilir. Demək olar ki, Azərbaycanda bu sahədə icrası mümkün olmayan prosedur yoxdur", - deyə V.Qurbanov diqqətə çatdırıb.