×
İyunun 3-də Azərbaycan Kardioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ürək çatışmazlığında yeniliklər konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov tədbirin məqsədinin kardiologiyada ən çox qeydə alınan ürək çatışmazlığı xəstələrinin müalicəsi, profilaktikası sahəsində həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi olduğunu deyib.
“Tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Avropa Kardiologiya Cəmiyyətindən mütəxəssislər iştirak edirlər. Konqres Türkiyə Kardiologiya Cəmiyyəti və Avropa Kardiologiya Cəmiyyətinin dəstəyi ilə keçirilir. Ümid edirəm ki, konqres xalqımız üçün faydalı olacaq və vətəndaşlara göstərilən kardioloji xidmətin keyfiyyətinin daha da artırılmasına kömək edəcək", - deyə cəmiyyətin sədri bildirib.
Ü.Rəhimov cəmiyyətin kardiologiya sahəsində təşkil etdiyi konfranslar, həkimlər üçün EXQ kursları, həyata keçirilən sosial layihələr barəsində məlumat verib və gələcək planlardan danışıb. O, sentyabrda Şuşada kardiologiya sahəsinə dair konfrans keçiriləcəyini də diqqətə çatdırıb.
Konqresdə çıxış edən Səhiyyə Nazirliyinin nümayəndəsi Ülvi Mirzəyev ürək çatışmazlığının yoluxucu olmayan xəstəliklər arasında ən vacib xəstəliklərdən biri olduğunu vurğulayıb: "Səhiyyə sistemlərinin effektivliyi ürək çatışmazlığı ilə əlaqədar olan meyarlarla ölçülür. Xəstələrin vəziyyəti, xəstəxanaya yatışı, xəstəliyin mortallıq və morbidliyi ilə ölçülür. Ürək çatışmazlığı hər birimiz üçün prioritet məsələlərdən biridir. Həmin xəstəliklə mübarizədə hər kəsin dəstəyi, poliklinika, xəstəxana həkimləri, terapevtlər, kardioloqlar, ümumi ailə həkimləri, kardiologiya cərrahları, kardioreabilitoloqların birgə komanda şəklində çalışması çox vacibdir".
Azərbaycan Kardioloqlar Cəmiyyətinin ürək çatışmazlığı işçi qrupunun sədri Aysel İslamlı, Türkiyə Kardiologiya Cəmiyyətinin ürək çatışmazlığı işçi qrupunun sədri Ahmet Çelik, Avropa Kardiologiya Cəmiyyətinin nümayəndəsi Ana Abreu bu sahədə bilik və təcrübə mübadiləsinin, yeniliklərin bölüşülməsinin xəstəliklə mübarizədə daha effektiv nəticə əldə edilməsinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Tədbir panel sessiyalarla davam edib.
Konqresin işinə iyunun 4-də yekun vurulacaq.