Bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan unudulmaz bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasından 85 il ötür.
×
Bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan unudulmaz bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasından 85 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Emin Sabitoğlunun məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri Zamiq Əliyev, Brilliant Dadaşova, Gülyanaq Məmmədova və başqaları çıxış edərək bildiriblər ki, Emin Sabitoğlu milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindəndir. Bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır.
Emin Sabitoğlunun bənzərsiz yaradıcılığından danışan natiqlər qeyd ediblər ki, Emin Sabitoğlu 60-cılar nəslinin istedadlı nümayəndələrindən biri idi. O, Azərbaycan musiqisinə bir çox yeniliklər gətirib. Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”. Bu bənzərsiz mahnılarla yanaşı, bəstəkarın simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poemaları bu gün də sevilə-sevilə dinlənilir