×
Noyabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Türkiyənin aparıcı ictimai təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ), İşçilərin Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (HAK-İŞ), İşəgötürənlər Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TİSK), İctimai İşçilərin Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (T. KAMU-SEN) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (MEMUR-SEN) rəhbərləri iştirak ediblər.
Qonaqları salamlayan Səttat Möhbalıyev bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu hücuma keçməsinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb və indiyədək işğal altında olan 4 şəhəri, 3 qəsəbəni, 200-ə yaxın kəndi azad edib, strateji əhəmiyyət kəsb edən bir sıra yüksəkliklər ordumuzun nəzarətinə keçib.
Vurğulanıb ki, bu gün Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz geri qaytarılması ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirmək əvəzinə, xarici ölkələrin rəhbərlərindən atəşin dayandırılmasını xahiş edir. Qeyd edilib ki, Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) vasitəçiliyi ilə 3 dəfə humanitar məqsədlərlə atəşkəs elan edilsə də, faşist xislətli erməni silahlı qüvvələri atəşkəs qüvvəyə mindikdən dəqiqələr keçməmiş onu pozub.
Həmçinin diqqətə çatdırılıb ki, Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı qadağan olunmuş silahlar tətbiq edir. Hərbi əməliyyatlar başlandığı dövrdən bu günədək erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi vandalizm aktları nəticəsində 90 dinc sakin qətlə yetirilib, 400 nəfər yaxın mülki şəxs yaralanıb, 2406 yaşayış evii, 92 çoxmərtəbəli yaşayış binası, 423 mülki obyekt yararsız vəziyyətə düşüb. Törədilən bu vəhşiliklər, 1949-cu il Cenevrə konvensiyasının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırımı siyasətinin davam etdirilməsinin sübutudur.
AHİK-in sədri bildirib ki, hazırda Azərbaycan güclü dövlətdir. Azərbaycan Ordusu cəbhədə düşmənə sarsıdıcı zərbələr endirir. Ermənilər törətdikləri bütün əməllərə görə cavab verəcəklər.
Sonra çıxış edən qonaqlar bildiriblər ki, ermənilərin atdıqları bütün addımlar məqsədyönlü olduğu dünya ictimaiyyətinə də məlumdur. Beynəlxalq ictimaiyyət yaxşı anlayır ki, mülki əhaliyə qarşı ballistik raketlərdən, kaset bombalardan, qadağan olunmuş silahlardan istifadə cinayətdir. Beynəlxalq humanitar hüququ pozaraq insanlığa qarşı cinayət törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətə cəlb edilməlidirlər.
Qonaqlar, həmçinin Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib, bu haqq mübarizəsində daim qardaş ölkəni dəstəkləyəcəyini bildiriblər.