Azərbaycandan gələn heyət Türkiyədəki yanğınların söndürülməsində yaxında iştirak edir. Bir gün əvvəl azərbaycanlı qardaşlarımız Aydının Çine bölgəsindəki yanğının söndürülməsində böyük əzmkarlıq göstərdilər.
×
Azərbaycandan gələn heyət Türkiyədəki yanğınların söndürülməsində yaxında iştirak edir. Bir gün əvvəl azərbaycanlı qardaşlarımız Aydının Çine bölgəsindəki yanğının söndürülməsində böyük əzmkarlıq göstərdilər. Bu gün də Muğlanın Çayhisar kəndində yanğınların söndürülmasində böyük fədakarlıqla iştirak edirdilər.
Bu fikirləri AZƏRTAC-ın yanğın böhran bölgəsinə ezam olunmuş müxbirinə açıqlamasında könüllü Burak Taylan deyib.
Azərbaycanın daim Türkiyənin yanında olduğunu söyləyən B.Taylan bildirib: "Bununla qürur duyuram. Nə vaxt nəyəsə ehtiyacımız olsa, hər zaman yardım əlinizi uzadırsınız. Bu, qardaşlığın və dostluğun bariz nümunəsidir. Yanğınla mübarizə apardığımız çətin günlərdə qardaş azərbaycanlıların yanımızda olması ortaq dəyərlərimizin sarsılmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Göstərdiyi diqqətə görə, Azərbaycan hökumətinə və xalqını təşəkkürümü bildirirəm".
Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdən ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib.
FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar.
İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.
Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindədir və təyinat məntəqəsi istiqamətində hərəkət edir.
Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.
FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.