×
Noyabrın 5-də “TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil edilmiş estafet tipli idman oyunlarından ibarət yarışlara yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonu Məktəb-Lisey kompleksində TOPs festivalı formatında təşkil olunmuş final yarışlarında IV və VI siniflərin 72 şagirdi çempionluq titulu qazanmaq üçün mübarizə aparıb. Ümumilikdə bu yarışlarda 24 sinifdən 300 nəfərə yaxın şagird iştirak edib.
Zəfər Günü mövzusunda təşkil edilmiş rəsm sərgisi ilə başlayan festivalda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında məktəblilərin sağlamlığının qorunmasında, fiziki inkişafında bədən tərbiyəsi və idmanın artan rolundan danışıb. O diqqətə çatdırıb ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunub. Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunacaq. İşğaldan azad olunmuş torpaqlarımızda artıq yenidənqurma işlərinə başlanılıb. İnanıram ki, bu işdə gənclərin də böyük rolu olacaq. Elə buna görə də bugünkü tədbirin böyük əhəmiyyəti var, çünki birbaşa gənclərimizin sağlamlığı ilə bağlıdır.
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens idmanın gənclərin həyatında önəmli rolundan danışıb: “İdman uşaqların inkişafı baxımından çox vacib amildir. İdman dedikdə inklüzivlik və inklüzivlikdə çeşidlilik çox önəmlidir. Sağlamlıqlarında məhdudiyyət olan uşaqların da idman dərslərində aktiv iştirakı təmin edilməlidir. İnklüzivliyin bir növü oğlan və qızların istədikləri idman növü ilə məşğul ola bilməsidir. TOPs proqramı bu mənada çox əlamətdardır, çünki müasir tədris yanaşmalarını həyata keçirmək imkanı yaradır”.
“British Council” təşkilatının Azərbaycan ofisinin direktoru Frensis Qardener-Trexo qeyd edib ki, hazırkı dövrdə liderlik və kollektiv fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi çox vacibdir: “Bu istiqamətdə gənclərin hərtərəfli inkişafı işinə öz töhfəsini verən TOPs proqramında əməyi keçən tərəfdaşlarımıza təşəkkür edirəm. Biz layihənin müsbət nəticələrini artıq görürük. Bu proqramın həyata keçirilməsi Azərbaycanın olimpiya və paralimpiya oyunlarında gələcəkdə də yüksək nəticələr əldə etməsinə səbəb olacaq”.
Frensis Qardener-Trexo Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev TOPs metodologiyasının artıq akademiyanın tədris proqramına daxil edildiyini diqqətə çatdırıb. O bildirib ki, TOPs proqramının sağlam gənclərin formalaşmasında rolu böyükdür. Sağlam gənclik həm də ölkənin müdafiə qüvvəsi deməkdir.
Rəsmi çıxışlardan sonra estafet yarışlarının final mərhələsinə start verilib. Yarışlar arası fasilələrdə məktəbin özfəaliyyət qrupunun üzvləri vətənpərvərlik mövzusunda rəqs və musiqi nömrələri ilə çıxış edib. Festivalın sonunda qalib komandaların mükafatlandırılması mərasimi baş tutub. Qonaqlar qaliblərə diplomlar və kuboklar təqdim edib.
Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində şagirdlərin hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisi təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.