Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı forum təşkil edilib.
×
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” adlı forum təşkil edilib.
AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların, həmçinin qeyri-formal və informal təhsil yolu ilə əldə edilmiş bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə bu sahədə baş verən rəqəmsallaşmanın və tətbiq olunan yeniliklərin müzakirəsini təşkil edilməsidir.
Agentliyin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Rəsulov açılış nitqi ilə çıxış edərək əlaqəli sahədə bu günə kimi görülmüş işlər barədə məlumatı forum iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsil sahəsində aparılan islahatlardan danışıb, istər xarici ali təhsil, istərsə də qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Açılış mərasimi Türkiyə Respublikasının Ali Təhsil Şurasının İdarə Heyətinin üzvü Hüseyin Karaman, Türkiyənin Peşə Kvalifikasiyaları Agentliyinin sədri Mustafa Necmi İlhan və Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının prezidenti Marina Malginanın çıxışı ilə davam edib.
Daha sonra forum beynəlxalq ekspertlərin spikerliyi ilə “Xarici kvalikasiyaların qiymətləndirilməsində rəqəmsallaşma və virtual əməkdaşlıq” və “Qeyri-formal və informal təhsilin tanınmasında çağırışlar və imkanlar” adlı panel müzakirələr ilə davam edib.