×
Azərbaycan Dillər Universitetində (ADU) 43 tələbə həyatlarında ilk dəfə məsuliyyətli vəzifəyə təyin olunub. Onlar bir gün ərzində universitetdə rektor, prorektor, fakültələrin dekanı kimi rəhbər vəzifələri icra ediblər. Söhbət ADU-da həyata keçirilən "Birgünlük xəlifə" layihəsindən gedir.
AZƏRTAC-ın müxbiri layihə ilə tanış olmaq üçün həmin universitetə yollanıb.
İldə bir dəfə təşkil olunan layihə dekabrda keçirilir. Üç mərhələdən ibarət olan seçkilər universitet rəhbərliyinin müdaxiləsi olmadan baş tutur. Seçici platforması uğurlu hesab olunan tələbəyə səs verir və o, birgünlük xəlifə qismində həmin vəzifəyə seçilir.
Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dördüncü kursunda təhsil alan xəlifə rektor Məmməd Əhmədli 12 rəqibini üstələyərək 56 səs çoxluğu ilə qalib gəlib. Deyir ki, xəlifə rektor seçildikdən sonra tələbələr daha çox kəsrlərinin ləğv edilməsi üçün müraciət ediblər: “Kəsri olan tələbə varsa, özü imtahan verməlidir. Platformamda ümumi universitet həyatında tələbələrə problem yaradacaq məqamlara toxundum. Məsələn, təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr var. Bu mövzuda tələbələrə yardım kampaniyaları keçirərək təhsil haqlarının ödənilməsində dəstək olacağımızı bildirdim”.
Təhsil məsələləri üzrə xəlifə prorektor Çinarə Məmmədova Filologiya fakültəsinin ingilis dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə dördüncü kursunda təhsil alır. O, 5 rəqibi arasından 42 səs çoxluğu ilə seçilib. Universitetin maddi-texniki bazasının yaxşılaşdırılması üçün çalışacağını bildirir: “Platformamda universitetimizin daha innovativ texnika ilə təmin olunması mövzusunu qabartdım. Bu gün qəbulumda olan tələbələr də qaib mövzusu ilə bağlı yaxınlaşıblar. Akademik göstəriciləri yüksək olan tələbələr üzrlü səbəbdən dərsdə iştirak edə bilmədikdə, qaiblərinə güzəşt olunacaq. Eyni zamanda, həmin tələbələr istehsalat təcrübəsi keçiriləcək qurumları özləri seçə biləcəklər. Həmçinin universitetin istilik sisteminin daha yüksək səviyyədə təmin olunması üçün çalışacağam”.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə xəlifə prorektoru Zeynəb Salmanova təəssüratlarını bölüşür: “Aztəminatlı ailələrdən olan tələbələr təhsil haqqını ödəməkdə çətinlik yaşayır. Yaxın zamanda yarmarka və xeyriyyə məqsədli konsert təşkil edilməsini planlaşdırırq. Toplanan vəsait onların təhsil haqqının ödənilməsinə ayrılacaq. Bununla yanaşı, universitetdə xatirə guşəsinin yaradılmasını təklif etmişəm. ADU digər ölkələrin universitetləri ilə də əməkdaşlıq edir. İstəyirəm ki, səfirlər gəldikcə çəkilən fotolar xatirə guşəsində nümayiş etdirilsin. Həmçinin digər universitetlərdə olduğu kimi, ADU-da radionun yaradılmasını planlaşdırıram”.
Xəlifələrin vəzifəsi yalnız bir günlə kifayətlənmir. Xəlifə rektor bu gündən sonra birillik “Kölgə kabineti” formalaşdırır, rektorla birlikdə iclas və konfranslarda iştirak edir. “Kölgə kabineti” növbəti xəlifə gününə qədər işini davam etdirir.
Rəhbər vəzifələri icra edən xəlifələrin həmin gün ərzində qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Bununla yanaşı, layihə çərçivəsində rəhbər vəzifədə işləyən tələbələr icra etdikləri vəzifəyə uyğun birgünlük maaş da alırlar. Məsələn, rektor vəzifəsini icra edən tələbə bir günə 90 manat məvacib alacaq