Fevralın 7-12-sini əhatə edən Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində fevralın 7-də Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək və sübutlara əsaslanan inkişaf xəritələrini təqdim etmək məqsədilə Azərbaycan Tibb Universitetində "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpozium təşkil edilib.
×
Fevralın 7-12-sini əhatə edən Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində fevralın 7-də Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək və sübutlara əsaslanan inkişaf xəritələrini təqdim etmək məqsədilə Azərbaycan Tibb Universitetində "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpozium təşkil edilib.
AZƏRTAC xəbər verir ki, simpoziumda Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndəsi Araz Nəsirov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətlərinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.
Simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili yardım şöbəsinin idarə olunması” kurslarının tədrisinə start verilib. Kursun yekununda iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarını 3 müxtəlif situasiya məsələsi vasitəsilə dərindən mənimsəyəcək, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükəyə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumat əldə edəcəklər.
Bununla yanaşı, BMT-nin Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilən “Təcili yardım şöbəsinin idarə olunması” kursu təhlükəsiz, yüksəkkeyfiyyətli təcili tibbi yardım xidməti təmin etmək, eləcə də təcili tibbi yardım işini səmərəli həyata keçirmək məqsədilə müvafiq sahə üzrə rəhbər şəxslərin liderlik və idarəetmə potensialını inkişaf etdirmək məqsədi daşıyır. Kurs iştirakçıların Azərbaycanda təcili tibbi yardımın mövcud vəziyyətini düzgün analiz etməyə, ölkə daxilində təcili tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmağa, həmçinin effektiv səhiyyə siyasəti yaratmağa yardım edəcək bilik və bacarıqlarını artırmağı hədəfləyir. Kurs başa çatdıqdan sonra 11-12 fevral tarixlərində ÜST-nin təcili yardım üzrə eksperti professor Li Uollisin və beynəlxalq mütəxəssislərin iştirakı ilə təcili yardım sahəsində fəaliyyət üçün yol xəritəsinin hazırlanması üzrə görüş keçiriləcək.
Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində keçiriləcək tədbirlər silsiləsi fevralın 12-də Azərbaycan Tibb Universitetində Təcili tibbi yardımda əsas klinik mövzular adlı simpozium və bağlanış mərasimi ilə yekunlaşacaq.