×
Sentyabrın 21-də yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayan Ramana qəsrinə infotur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğu tərəfindən təşkil olunan infoturda media nümayəndələrinə əvvəlcə Ramana qəsrinin tarixi, memarlıq xüsusiyyətləri və Abşeronun orta əsr müdafiə sistemindəki rolu barədə ümumi məlumat verilib. Daha sonra muzeyin ekspozisiyası ilə tanışlıq olub.
Bildirilib ki, mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsrinin memarlıq xüsusiyyətləri və mövcud vəziyyəti araşdırılıb, abidənin autentikliyinin maksimum dərəcədə qorunmasına xüsusi diqqət yetirilib.
Ekspozisiya, ziyarətçi marşrutları və infrastruktur həlləri qəsrin tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Muzey konsepsiyasının əsasını “Tarixə açılan pəncərə” ideyası təşkil edir. Konsepsiya tarixi memarlığın qorunması ilə yanaşı, onun müasir təqdimat vasitələri ilə ziyarətçilərə çatdırılmasını nəzərdə tutur.
Qəsrin daxilində yaradılan yeni memarlıq-dizayn elementləri tarixi memarlıqdan ilhamlanaraq müasir üslubda işlənib. Ekspozisiya avadanlıqları, vitrinlər, podiumlar və elektron informasiya panellərinin tərtibatında Ramana qəsrinin memarlıq xüsusiyyətlərindən istifadə olunub.
Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, həmin dövrün hərb sənəti, gündəlik həyatı və mədəniyyəti barədə dolğun təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Tarixi materiallar multimedia və interaktiv həllərlə tamamlanıb. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri təşkil edir.
“Seyri-Tarix” bölməsində Abşeron yarımadasının orta əsr müdafiə sistemi və Ramana qəsrinin bu sistemdəki mövqeyi təqdim olunur. Burada Abşeronun müdafiə tikililərinin yerləşməsini göstərən maket, qəsrin XIV əsrdəki ehtimal olunan görünüşünü və 1935-ci ildə qeydə alınmış vəziyyətini əks etdirən memarlıq maketləri, tarixi fotoşəkillər, arxiv materialları və məlumat panelləri nümayiş etdirilir. İnteraktiv ekran və sensor məlumat paneli vasitəsilə ziyarətçilər əlavə məlumat əldə edə bilirlər.
“Seyri-Silah” bölməsi orta əsr hərb sənəti, silah texnikası və müdafiə mədəniyyətinə həsr olunub. Burada XIV–XVI əsrlərə aid qılınc və qınların rekonstruksiyaları, nizə ucluqları, xəncər tiyəsi, döyüş atının nalı, sferokonik qab (“Qarura ən-Neft”), hərbi geyimlər, oxqabı, oxlar və digər arxeoloji materiallar təqdim edilir. Multimedia vasitələri ilə orta əsr silahlarının hazırlanması və istifadə üsulları nümayiş olunur.