Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) baş direktoru akademik Nailə Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.
×
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) baş direktoru akademik Nailə Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov akademik Nailə Vəlixanlının elmin inkişafındakı rolundan danışıb. O, təqdimatı keçirilən kitabın alimin geniş elmi araşdırmaların nəticəsi olduğunu bildirib.
Tədbirdə akademik Nailə Vəlixanlı apardığı elmi-tədqiqatlar, “Zəngəzur - ərəblərdən monqollaradək” adlı kitabı haqqında ətraflı məlumat verib.
Müxtəlif dillərdəki mənbələrin və dərin elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış kitab tarixi Azərbaycan ərazisinin bir hissəsi olan, XIV yüzildən Zəngəzur adlandırılan bölgənin ərəb və monqol işğalları arasındakı altı əsrlik dövrünün tədqiqinə həsr edilib. Tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddialar, yanlış mülahizə və fikirlər təkzib olunub.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, akademik Nərgiz Axundova, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov, Elm Tarixi İnstitutunun baş direktoru professor Məryəm Seyidbəyli, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, şöbə müdiri Tofiq Nəcəfli və digər alimlər akademik Nailə Vəlixanlının zəngin elmi yaradıcılığından və uğurlarından bəhs ediblər.
“Zəngəzur - ərəblərdən monqollaradək” kitabı haqqında fikirlərini söyləyən alimlər əsərdə dərin elmi araşdırmalar aparıldığını, mühüm tarixi faktların tədqiq olunduğunu qeyd edib, nəşrin tariximiz, elmimiz üçün dəyərli töhfə olduğunu vurğulayıb, onun müxtəlif dillərə tərcümə edilməsi ilə bağlı təkliflərini bildiriblər.