Mayın 15-də Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun təşkilatçılığı ilə “Mirzə Qədim İrəvani: dövrü, mühiti və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirilib.
×
Mayın 15-də Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun təşkilatçılığı ilə “Mirzə Qədim İrəvani: dövrü, mühiti və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Prezident İlham Əliyevin görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, muzeyin Təsviri materiallar fondunun müdiri dosent Nardanə Yusifova tədbirin keçirilməsində əsas məqsədin Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolunu gələcək nəsillərə çatdırmaq olduğunu söyləyib. Belə ki, Mirzə Qədim İrəvani öz yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb və Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Fərhad Cabbarov, ümumiyyətlə, Qərbi Azərbaycan mövzusunun aktual olduğunu bildirib və bu baxımdan belə tədbirlərin əhəmiyyət daşıdığını söyləyib.
Digər çıxış edənlər Mirzə Qədim İrəvani haqqında maraqlı faktları diqqətə çatdırıblar.