Ötən ilin yanvarından etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı alayı işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tapşırıqlarına cəlb edilib.
×
Ötən ilin yanvarından etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı alayı işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə tapşırıqlarına cəlb edilib.
Bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə rəisi Süleyman Heydərov AZƏRTAC-a müsahibəsində bildirib.
Tapşırıqların icra edilməsi məqsədilə nazirliyin müvafiq qüvvə və vasitələrinin mina ilə çirkləndirilən ərazilərin təmizlənməsində böyük rol oynadıqlarını vurğulayan S.Heydərov deyib: “FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı alayının şəxsi heyətinin icra etdiyi minatəmizləmə əməliyyatları Maqsudlu su kanalının Abdınlı kəndindən keçən hissəsində və ətrafında aparılır. Bu ərazi əvvəllər təmas xətti ərazisindən keçdiyinə görə kanalın ətrafı piyada və tank əleyhinə olan minalar və partlamamış sursatlarla yüksək çirklənməyə məruz qalıb. İşğaldan azad olunmuş ərazilərimiz, eyni zamanda, ekoloji terrora məruz qalıb və bununla da su anbarlarımız qanunsuz istismar edilib və su təsərrüfatı qurğuları isə dağıdılıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə görülən infrastruktur quruculuq işləri ilə yanaşı, əvvəllər istifadə olunan meliorasiya qurğularının bərpası, su ehtiyatlarının öyrənilməsi və su anbarlarının bərpa edilərək yenidən istifadəyə verilməsi nəzərdə tutulur”.