Xalq artisti Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və ölüm” baleti… Tamaşa yalnız musiqi ilə qəlbləri fəth etmir, həm də dramatik dərinliyi ilə izləyənləri öz sehrinə çəkir.
×
Xalq artisti Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və ölüm” baleti… Tamaşa yalnız musiqi ilə qəlbləri fəth etmir, həm də dramatik dərinliyi ilə izləyənləri öz sehrinə çəkir. Hər səhnə bir hekayə danışır, hər hərəkət bir duyğunu ifadə edir. Tamaşaçı özünü əbədi mövzuların – sevgi, ölüm, dostluq və xəyanətin içində tapır.
Belə ki, “Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında Polad Bülbüloğlu tərəfindən bəstələnən 2 pərdəli balet “Eşq və ölüm” “Balet günləri” layihəsi çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, “Eşq və ölüm” baleti ölməz məhəbbəti və qəhrəmanlıq qarşısında ölümün acizliyini tərənnüm edir.
Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Polad Bülbüloğlunun yaradıcılığının Azərbaycan mədəniyyətinin zənginliyini və dərinliyini əks etdirdiyini bildirib.
“Xalqımızın, mədəniyyətimizin Polad Bülbüloğlunun musiqisinə hələ də ehtiyacı var. Əminəm ki, biz bu kimi əsərləri gələcəkdə də sevə-sevə səhnəyə qoyacaq və tamaşaçılara layiqincə təqdim edəcəyik. Bu balet yalnız musiqi və rəqs nümunəsi deyil, həm də milli dəyərlərimizin, tariximizin və mədəniyyətimizin ifadəsi kimi böyük əhəmiyyət daşıyır”, - deyə Yusif Eyvazov qeyd edib.