Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə Azərbaycanda bütün səviyyələrdə soyuq zəncir sistemi avadanlığının inventarizasiyası tədbirlərinə başlanılıb.
×
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə Azərbaycanda bütün səviyyələrdə soyuq zəncir sistemi avadanlığının inventarizasiyası tədbirlərinə başlanılıb. Həmin avadanlıqlardan düzgün istifadə qaydalarının öyrənilməsi üçün ÜST-nin mütəxəssisi respublikaya dəvət olunub. Hazırda bu sahədə təlimlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva söyləyib.
Avadanlıqlardan düzgün istifadə qaydalarının mənimsənilməsi üçün respublika üzrə ilkin səviyyədə 10 təlimçinin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edən Afaq Əliyeva deyib: “Təlim Respublika Gigiyena və Epidemiologiya Mərkəzində bir həftə müddətində davam edəcək. Təlimə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri dəvət ediliblər. Təlimçilərimiz həftə ərzində tam hazır olduqdan sonra əyani olaraq alətin tətbiqi üçün Bakı şəhərində yerləşən peyvənd məntəqələrində bu işi daha yüksək səviyyədə öyrənəcəklər. Layihəyə əsasən daha sonra təlimçilər rayonlardakı gigiyena və epidemiologiya məntəqələrinin işçilərinə təlim keçəcəklər. Təlimlər də əyani formada olacaq”.