Tennis üzrə dünya reytinqində birinci pillədə qərarlaşan serbiyalı Novak Cokoviç ABŞ açıq çempionatında (US Open) iştirakını təsdiqləyib.
×
Tennis üzrə dünya reytinqində birinci pillədə qərarlaşan serbiyalı Novak Cokoviç ABŞ açıq çempionatında (US Open) iştirakını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Instagram”dakı səhifəsində paylaşım edən tennisçi bildirib: “US Open” və Sinsinatidə təşkil olunacaq turnirlərdə iştirak edəcəyimi böyük məmnunluqla açıqlayıram. Bu barədə qərar vermək heç də asan olmadı. Yarışlara qayıdıb çıxış etmək məni yeni qələbələrə ruhlandıracaq”.
Serbiyalı tennisçi iyunun 23-də Xorvatiyada keçirilən nümayiş xarakterli turnirdə koronavirus infeksiyasına yoluxmuşdu. İyulun 2-də tennisçidən götürülən növbəti analizin cavabı mənfi olmuşdu.
Otuz üç yaşlı raketka ustası “Böyük dəbilqə” seriyaları turnirlərdə 17 dəfə qalib gəlib. “Pekin-2008” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) seriya turnirlərində ümumilikdə 79 qələbə qazanıb.
“US Open” turniri avqustun 31-dən sentyabrın 13-dək Nyu-Yorkda təşkil olunacaq. Dünyanın iki nömrəli tennisçisi ispaniyalı Rafael Nadal, qadın tennisçilərin siyahısında birinci pillədə yer alan avstraliyalı Eşli Barti yarışda iştirakdan imtina ediblər