Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xəyal Müseyib oğlu Balakişiyevin oxuduğu Yasamal rayonundakı 175 saylı orta məktəbdə onun barelyefinin açılışı olub.
×
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xəyal Müseyib oğlu Balakişiyevin oxuduğu Yasamal rayonundakı 175 saylı orta məktəbdə onun barelyefinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, şəhidin atası Müseyib kişi, anası Nazimə xanım, müəllimləri, şəhidin yaxınları, dostları və çıxışlarında onunla bağlı xatirələrini bölüşüb, Xəyalın igidliyindən, vətənpərvərliyindən danışıblar. Tədbirdə hərb tariximizin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək böyük Qələbə qazandığı, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunduğu bildirilib. Tədbir iştirakçıları şəhid ailələrinə, qazilərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıblar.
Tədbirdə Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonra barelyefin açılışı olub. İştirakçılar barelyefin önünə gül dəstələri düzüblər.
Daha sonra şagirdlərin hazırladığı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib.
Azərbaycan Ordusunun əsgəri olan Xəyal Balakişiyev Vətən müharibəsində Cəbrayıl və Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 25-də Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyal İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.