Bu gün mənim üçün hisslərimi ifadə etmək çox çətindir. Yolboyu Şuşa ilə bağlı xatirələrimi yada salıb kövrəlirdim.
×
Bu gün mənim üçün hisslərimi ifadə etmək çox çətindir. Yolboyu Şuşa ilə bağlı xatirələrimi yada salıb kövrəlirdim. Bu, həm də sevinc göz yaşları idi.
Qardaşım Cavad Şükürov 24 yaşında Birinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən savaşlarda son damla qanına qədər döyüşərək şəhid olub. Əminəm ki, indi onun illərdir Şuşa səmasında dolanan narahat və nigaran ruhu şaddır. Qəhrəman oğullarımız Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını yerdə qoymadılar, öz canları, qanları bahasına düşmənlərimizi torpaqlarımızdan çıxardılar. Bu torpaqlar minlərlə şəhidin, qazinin qanı ilə suvarılıb. Bizim də borcumuz həmin əraziləri yenidən canlandırmaq, əvvəlki əzəmətini, yaşayışı bərpa etməkdir. Biz burada yurd saldıqca, nəvələrimiz, gələcək nəsillər bu torpaqlarda addım atdıqca şəhidlərin ruhu daha da rahatlıq tapacaq.
AZƏRTAC xəbər verir ki, bunu Şuşa sakini, şəhid bacısı Mahirə Şükürova deyib.
“Bir şəhid bacısı olaraq şəhid ailələrinə səslənərək deyirəm ki, nə qədər ağır olsa da başınızı dik tutun. Çünki bizim şəhid olan əzizlərimiz elə bir zirvəyə ucalıblar ki, öz yaxınlarına bir ömürlük hörmət-izzət və qürur bəxş ediblər.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Müzəffər Ali Baş Komandanın rəşadətli Ordusu düşmənə elə bir dərs verib ki, neçə nəsil keçsə də bunu unutmayacaqlar. Biz də şəhidlərimizin, qazilərimizin göstərdiyi igidliyi, bizə bəxş etdiyi möhtəşəm Zəfəri heç zaman yadımızdan çıxarmayacaq, gələcək nəsillərə ötürəcəyik. Bu torpaqlar üçün qanını, canını verənlər böyükdən-kiçiyə hər kəsin yaddaşında əbədi həkk olunublar",- deyə M.Şükürova vurğulayıb.