Ötən il Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşadan zabit və əsgərlər arasında yaralanan və müxtəlif bədən üzvlərini itirənlər olub.
×
Ötən il Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşadan zabit və əsgərlər arasında yaralanan və müxtəlif bədən üzvlərini itirənlər olub. Bununla əlaqədar olaraq yaralanan şəxslər arasında əlillik statusu alanların sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Agentliyin sədri qeyd edib ki, əlilliyi olan şəxslər elektron növbəyə dayanaraq reabilitasiya xidmətlərindən istifadə etmək hüququna malikdirlər. Hazırda agentliyin nəzdində 13 reabilitasiya mərkəzi var və yaxın vaxtlarda Qəbələdə və Şəmkirdə iki uşaq reabilitasiya mərkəzi də istifadəyə veriləcək.
Onun verdiyi məlumata görə, bu ilin ötən 10 ayında 6 min 450 nəfərə reabilitasiya xidmətləri, o cümlədən onlardan 4 min 149 nəfərə stasionar, 600-dən çox şəxsə isə ambulator xidmətləri həyata keçirilib. 261 nəfərə icma əsaslı, 272 nəfərə onlayn xidmət göstərilib. Ümumilikdə reabilitasiya mərkəzlərində Vətən müharibəsi qazilərinə müvafiq sosial-psixoloji dəstək layihəsi başlanılıb və aktiv şəkildə həyata keçirilir. İndiyədək həmin layihədən 1156 nəfər yararlanıb. Onlar əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarətdir. İndiyədək həmin kateqoriyadan olanlara 10 min 115 psixoloji seans həyata keçirilib.