Türkiyədə apardığımız xidmət zamanı biz özümüzü doğma evimizdəki kimi hiss edirik. Qardaş ölkədə xidmət aparmaq mənim üçün şərəfdir.
×
Türkiyədə apardığımız xidmət zamanı biz özümüzü doğma evimizdəki kimi hiss edirik. Qardaş ölkədə xidmət aparmaq mənim üçün şərəfdir. Bütün komandamız burada yüksək fədakarlıqla çalışırlar. Yanğınlar tam söndürülənədək Türkiyənin xidmətindəyik.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunmuş müxbirinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bölük komandirinin müavini Səfəralı Səfəralıyev söyləyib.
Türkiyədə tüğyan edən meşə yanğınları ilə bağlı danışan S.Səfəralıyev bildirib: "Biz meşə yanğınları ilə mübarizəyə ilk olaraq Saraclı kəndi ətrafında başladıq. İlk günlər çətin relyefli yerlərdə xidmətlər aparırdıq. Bəzi ərazilərə texnikanın girə bilmədiyi üçün 30 kilometr dağlıq zonanı piyada qalxaraq yanğınların söndürülməsində iştirak etdik. Bundan başqa Hacıvəlilər və Ərciyəz kəndlərinin dağlıq ərazilərində böyük yanğınlar olub. Biz həmin ərazilərdə alovun söndürülməsi, daha sonra ocaqların soyudulması işlərini aparmışıq. Bəzi yerlədə 1200 metr hündürlüyədək piyada qalxaraq yanğın ocaqlarını söndürmüşük. Bu tapşırıqlarda yüksək fədakarlıq göstərərək alovun kəndlərə keçməsinin qarşısını almışıq”.