Azərbaycanda dəfələrlə səfərdə olmuşam və hər səfərində ölkənizdə olmaqdan böyük şərəf və qürur duyuram. Həyat yoldaşım Qubadlının Göyyal kəndindəndir.
×
Azərbaycanda dəfələrlə səfərdə olmuşam və hər səfərində ölkənizdə olmaqdan böyük şərəf və qürur duyuram. Həyat yoldaşım Qubadlının Göyyal kəndindəndir. Bura mənim ikinci vətənimdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyətinin rəhbəri Sami al-Hajj Şuşaya səfəri zamanı deyib.
Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndəsi 1979-cu ildən bu yana ölkəmizə səfər etdiyini diqqətə çatdırıb: “Erməni işğalçıları Azərbaycanın 20 faiz torpaqlarını işğal etmişdilər. Mən əslində, buna işğal deməzdim. Ermənistan insanlığa, bəşəriyyətə qarşı cinayət törədib, təbiətə külli miqdarda ziyan vurub. Bir sözlə, terrorçuluq siyasəti yürüdüb. Bu da onların iç üzünü ortaya qoyur”.
Sami-al-Hajj vurğulayıb ki, illərlə, əsrlərlə yaradılan tarix, mədəniyyət hamımızındır və onu mühafizə edib qorumalıyıq. Tarixi hədəfə almaq, saxtakarlıq etmək bəşəriyyətə qarşı cinayətdir.
Qonaq qeyd edib ki, ermənilərin törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir: “Bütün dünya erməni vandalizminin nəticələrindən xəbərdar olmalı və onlar etdikləri cinayətlərə görə beynəlxalq qanunlar çərçivəsində cavab verməlidirlər”.
O, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın yenidən öz əvvəlki gözəlliyinə qayıdacağına əminliyini ifadə edib: “Şəhidlərin qanı ilə suvarılan bu torpaqlarda həyat tezliklə öz axarına düşəcək və xarıbülbüllərin gözəl ətri ilə nəfəs alacaq”.