×
Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə muzey, Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli sərgi barədə məlumat verib. Nazir vurğulayıb ki, sərginin məqsədi sənətkarın zəngin irsinin cəmiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsidir.
“Bu prosesdə özəl sektorun mədəniyyətə və incəsənətə göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu cür layihələrin sayı çox olacaq. Azərbaycan dövləti mədəniyyət xadimlərinin irsinin qorunması və yaşadılması üçün daim diqqət və qayğı göstərir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Azərbaycan musiqi mədəniyyətinin dünyada elçisi kimi tanınan dahi sənətkar Rəşid Behbudovun irsinin yaşadılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Sənətkarın dünyaya səs salmış, özünəməxsus üsluba malik incəsənəti Azərbaycanı beynəlxalq miqyasda tanıdıb və onun irsi həm ölkəmizdə, həm də xaricdə geniş şəkildə təqdim olunur”, - deyə A.Kərimli əlavə edib.
Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova sərgidə Rəşid Behbudovun musiqi dünyasının simasını, onun sənətkar obrazını, həyat və yaradıcılığını təsviri sənətin dili ilə tamaşaçılara təqdim etməyə çalışdıqlarını bildirib.
Muzeydə Rəşid Behbudovun şəxsi kolleksiyasına aid zəngin fotoarxivin də sərgiləndiyini diqqətə çatdıran Ş.Məlikova deyib: “Bu fotolar vasitəsilə onun həyatının ən parlaq məqamlarına nəzər salmaq olar. Həmçinin sənətkarın şəxsi əşyaları da ilk dəfə ictimaiyyətə təqdim edilir. Onun əlyazmaları, ömrünün son illərində qələmə aldığı məktublar, daim özü ilə daşıdığı kiçik təsbeh və digər nadir nümunələr sərginin əsas eksponatları sırasındadır. Təbii ki, Rəşid Behbudovun səsi də bu sərginin ayrılmaz hissəsidir. Onun filmlərindən və səhnə çıxışlarından seçilmiş fraqmentlər nümayiş etdirilir”.
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov söyləyib ki, Rəşid Behbudov yaradıcılığı təkcə bir dövrün deyil, bütövlükdə milli mədəniyyətimizin ifadəsidir.
“O, Azərbaycan mədəni kimliyinin ayrılmaz tərkib hissəsi, milli musiqi tariximizin zirvələrindən biridir. Unudulmaz sənətkarımızın anadan olmasının 110 illiyi münasibətilə bu gün təqdim olunan videoda da qısa şəkildə izlədiyimiz rəsm əsəri xüsusi məna daşıyır”,- deyə o vurğulayıb.