Aprelin 28-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans işə başlayıb.
×
Aprelin 28-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı keçirilir.
Konfransın açılışında UNEC-in rektoru professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurları və formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq ölkəmizin gələcəkdə də dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti kimi rəqəmsal transformasiyanın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə iki il əvvəl rəqəmsal iqtisadiyyatla bağlı beynəlxalq konfransın daimi əsasda təşkil edilməsinə qərar verdik.
Rektor xatırladıb ki, rəqəmsal iqtisadiyyatla bağlı I konfrans 2020-ci ildə keçirilib. Amma pandemiya ilə əlaqədar fasilə verilib və bu gün II konfransa başlanılıb.
Aparıcı dövlət və özəl qurumları bir araya gətirəcək konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunacaq.