“Bu gün universitetimizin həyatında əhəmiyyətli günlərdən biridir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir.
×
“Bu gün universitetimizin həyatında əhəmiyyətli günlərdən biridir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu böyük Zəfərdə itkilərimizdə çox olub. 3 minə yaxın Azərbaycan igidi öz canından keçərək şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Tibb Universitetinin tələbə, professor, müəllim heyətindən, eyni zamanda məzunlarımızdan da, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edənlər olub. Bu gün vaxtilə Birinci Qarabağ müharibəsi iştirakçılarını əbədiləşdirən abidə üzərində aparılan yenidənqurma işlərindən sonra açılışına toplaşmışıq. Burada universitetimizin həm 3 Milli Qəhrəmanının, həm Birinci Qarabağ müharibəsinin 9 nəfər şəhidi, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş 18 həkim və feldşerlərimizin adı əbədi həkk olunub. Adları qeyd olunan şəhidlərimiz Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin və digər fakültələrin məzunlarıdır. Onlar həm düşmənlə mübarizə aparıb, həm də yaralılara tibbi yardım ediblər. Mən çox şadam ki, biz bu abidəni Tibb Universitetinin əsas binalarından birinin qarşısında açmışıq. Düşünürəm ki, illər ötəcək, lakin Azərbaycan xalqının yaddaşından qəhrəman şəhidlərimiz heç vaxt silinməyəcək”.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
Rektor bildirib ki, “Bu abidə universitetimizin çoxminli müəllim-tələbə heyətinə şəhid məzunlarımızı hər gün xatırladacaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.