Biz Qarabağ Dirçəliş Fondu olaraq strateji prioritet istiqamətlərindən biri kimi məhz yaşıl örtüyün, bioloji müxtəlifliyin bərpasını planlaşdırırıq.
×
Biz Qarabağ Dirçəliş Fondu olaraq strateji prioritet istiqamətlərindən biri kimi məhz yaşıl örtüyün, bioloji müxtəlifliyin bərpasını planlaşdırırıq. Bizim ilk belə layihəmiz Zəngilanda start götürür. Bu layihə çərçivəsində bir neçə ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, həmçinin donorlarımızın dəstəyi ilə 30 minədək ağacın əkilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən "Zəfərdən Dirçəlişə" ağacəkmə aksiyasında iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
Rəhman Hacıyev bildirib ki, növbəti ağacəkmə aksiyalarında 5 növdə ağacların əkilməsi nəzərdə tutulur. “Bugünkü aksiyada 1000 ağac əkildi. Növbəti aylarda plan üzrə ağacların əkilməsi davam etdiriləcək. Əkdiyimiz ağacların tələf olmaması üçün xüsusi suvarma sistemləri quraşdırılacaq ki, bu da onların inkişafı baxımından çox mühüm məsələdir. Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Belə ki, Oxçuçaydan istifadə edərək hər bir sahənin öz suvarma şəbəkəsini quracağıq. Əlbəttə, start verdiyimiz bu layihə Zəngilan şəhəri ilə məhdudlaşmayacaq, işğaldan azad edilən digər bölgələrdə də davam etdiriləcək", - deyə R.Hacıyev vurğulayıb.
O qeyd edib ki, Qarabağ Dirçəliş Fondu olaraq yaxın gələcəkdə Qarabağda yarım milyona qədər ağac əkilməsini hədəfləmişik. Əlbəttə, Fond təkcə ağacəkmə aksiyaları ilə məhdudlaşmayacaq, digər sahələrdə də fəaliyyətini davam etdirəcək. Heydər Əliyev Fondu tərəfindən tarixi abidələrin bərpası istiqamətində görülən işlərə Fondumuz tərəfindən maliyyə dəstəyi göstərilməsi üçün razılıq əldə olunub. Hazırda Heydər Əliyev Fondunun Şuşada 3 layihə üzrə gördüyü işlərə maliyyə yardımının ayrılmasına start verilib. Bu istiqamətdə də işlər görülür. Həmçinin Heydər Əliyev Fondu ilə Ağdamda Cümə məscidinin bərpası məqsədilə maliyyə dəstəyinin göstərilməsi istiqamətində də danışıqlara başlamışıq.
Heydər Əliyev Fondunun həyata keçirəcəyi tədbirlərə dəstək olmaq bizim üçün böyük fəxrdir deyən Rəhman Hacıyev vurğulayıb: “Mən həm şəxsən öz adımdan, həm də Qarabağ Dirçəliş Fondu adından Heydər Əliyev Fondunun rəhbərliyinə xüsusi minnətdarlığımı bildirirəm. Əminəm ki, bu əməkdaşlıq cari layihələrlə məhdudlaşmayacaq və uzunmüddətli olacaq”.