Tahir Salahov haqqında o qədər söz demək istəyirəm ki, fikrimi ardıcıl qura bilmirəm. Ancaq demək istədiklərimi kitabda olduğu kimi yazmışam.
×
Tahir Salahov haqqında o qədər söz demək istəyirəm ki, fikrimi ardıcıl qura bilmirəm. Ancaq demək istədiklərimi kitabda olduğu kimi yazmışam. Çox sevinirəm ki, onun haqqında yazmağı məhz mənə tapşırdılar. Kitab uzun müddətə yazıldı. Yaxşı ki, belə oldu. Əgər yubileyi üçün yazılsa idi sonradan baş verən mühüm hadisələr kitaba daxil edilməzdi.
Bu fikirləri musiqişünas Raya Abbasova Xalq rəssamı Tahir Salahov haqqında yazdığı “Dialoq” kitabının təqdimatı zamanı AZƏRTAC-a müsahibəsində deyib.
Kitabı yazarkən yeni faktlarla qarşılaşdım. Oxucular Tahir Salahov haqqında bilmədiklərini ilk dəfə bu kitabda oxuyacaqlar. Mənim Tahir Salahovdan götürdüyüm ilk müsahibəm 2008-ci ildə dərc olunub. Yazının sərlövhəsi “Mən asfaltdan başladım” adlandırdı. Lakin nədənsə redaktorum bu başlığı dəyişdi və adını “Dialoq” qoydu. Mən bunu Tahir Salahova deyəndə o bunu sakit qarşıladı. Tahir müəllimin əsərlərinə maraq o qədərdir ki, yaradıcılığı yüksək fikir və mükəmməl sənət nümunəsi kimi qarşılanır”,-deyə Raya Abbasova bildirib.
Qeyd edib ki, kitabda yeni, haqqında bilmədiklərimiz məqamlar yer alıb. Hərbi qulluqda olduğu günlər, insanları müdafiə etməsi, instituta girərkən qarşısına çıxan maneələr. O, repressiya olunmuş şəxsin oğlu olduğu üçün pasportunun üzərində qırmızı xətt var idi. Bu məqam onun həyatına acı anlar qatırdı. Məhz bu səbəbdən onun yubiley sərgisi keçiriləndə yerə qırmızı xalı döşənmişdi. İnsanlar bir tablodan o birisinə doğru gedəndə sanki qırmızı xəttin üzərindən keçirdi. O vaxtdan həmin xətt sanki bir şöhrət rəmzinə çevrildi.
“Tahir Salahovla bağlı çoxlu yeniliklər vardır. Onun rəssamlıqda yaratdığı “sərt” üslub bunlardan biridir. 1975-ci ildə dahi Üzeyir Hacıbəylinin 90 illik yubileyi keçiriləndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası yeni quruluşda təqdim olunurdu. Operanın səhnə tərtibatı isə Tahir Salahova həvalə edilmişdi. Bu gün müasir teatr səhnələrində transformasiya olunan dekorasiyalardan istifadə olunur. Tahir Salahov isə hələ uzaq 1975-ci ildə bunu etmişdi”,- deyə Raya Abbasova bildirib.