Ermənilər işğal dövründə Qubadlının bütün yaşayış məntəqələrini dağıdaraq ərazini xarabalığa çeviriblər.
×
Ermənilər işğal dövründə Qubadlının bütün yaşayış məntəqələrini dağıdaraq ərazini xarabalığa çeviriblər. Rayon ərazisində dövlət qeydiyyatında olan 67 tarix və mədəniyyət abidəsi vardı. Bu abidələrin ən möhtəşəmlərindən biri də Laləzar körpüsüdür. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov AZƏRTAC-a bildirib ki, Laləzar körpüsü Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayı üzərindədir. Maraqlı memarlıq quruluşuna malik olan körpünün 1867-ci ildə inşa olunduğu ehtimal edilsə də, bir çox tədqiqatçıların fikirincə, körpünün inşa tarixi XVIII əsrə aiddir. Laləzar körpüsü düz oval şəklində tikilib. Mərkəzindəki iki düz sütun tağlarla tamamlanaraq körpüyə ikitağlı görkəmi verib. Körpünün uzunluğu 17 metr, eni 2,8 metr, hündürlüyü 4,5 metrdir. İşğal dövründə körpüyə ciddi zərər dəyməsə də, divarında onun inşa tarixini göstərən lövhə üzərindəki yazılar ermənilər tərəfindən silinib. İndi Bərgüşad çayının sahili boyu qədim Zəngəzur torpaqları yaşıllığa bürünüb, Laləzar çölləri al-qırmızı lalələrlə örtülüb. Lakin bu gözəlliklər ermənilərin dağıtdıqları kəndlərimizin xarabalıqları fonunda boynu bükük qalır. İşğaldan azad olunmuş digər rayonlarımız kimi, Qubadlı da tezliklə bərpa ediləcək, bu torpaqlarda yenə də həyat qaynayıb-qarışacaq.