×
Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsinin yekunlarına həsr edilmiş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə layihənin gənc iştirakçıları ilə yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təmsilçiləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ekoloji qiymətləndirmənin yekun nəticələrinə dair hesabatın təqdimatı keçirilib. Hesabatda Qarabağın işğaldan əvvəlki vəziyyətinə nisbətən hazırkı ekoloji durumuna dair əldə edilmiş məlumatlar əks olunub. Həmçinin toplantıda layihə çərçivəsində görülmüş işlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Daha sonra gənclərə uğurla həyata keçirilən layihədə iştirak üçün sertifikatlar, eləcə də Qarabağın ekoloji qiymətləndirilməsi prosesinə töhfələrinə görə təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub.
İşğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır. Həmin tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” birgə layihəsinə start verilib. Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciətlər daxil olub, onlardan 60 nəfər müsahibə əsasında seçilib. İştirakçılar 6 istiqamət, o cümlədən bioloji müxtəliflik, geologiya, su ehtiyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə üzrə qruplara bölünüb. Ərazilərə səfərlərdən öncə müvafiq istiqamətlər üzrə nəzəri mühazirələr təşkil edilib. Həmçinin keçmiş münaqişə zonasında çalışmağın potensial təhlükələrini nəzərə alaraq sağlamlıq və təhlükəsizlik təlimləri keçirilib. Növbəti mərhələdə gənc ekoloqların Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Ağdam və Şuşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilib. Səfərlər zamanı onlar həmin ərazilərdə aparılan ekoloji qiymətləndirilmədə, o cümlədən xüsusi cihaz və qurğularla havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi və s. proseslərdə iştirak edib, işğal nəticəsində törədilən ekosidi əyani şəkildə görüblər.
“Qarabağı qoru” şüarı altında həyata keçirilən layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırmaq, eyni zamanda, azad olunmuş ərazilərdə bərpa və mühafizə işlərinə töhfə vermək imkanı əldə ediblər. Aparılmış müşahidə və təhlillər əsasında əldə edilən məlumatların geniş maarifləndirmə və təbliğat işlərində istifadə olunması nəzərdə tutulur.