Azərbaycan təmsilçiləri Samirə Qəhrəmanova və Milana Minakovskaya Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında növbəti proqramlarını təqdim ediblər.
×
Azərbaycan təmsilçiləri Samirə Qəhrəmanova və Milana Minakovskaya Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında növbəti proqramlarını təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, sərbəst hərəkətlərdə çıxış edən təmsilçilərimizdən S.Qəhrəmanova 11,566 xalla 11-ci pillədə qərarlaşıb. Digər gimnastımız M.Minakovskaya isə 10,600 xalla 16-cı pillədə yer alıb.
Hazırda qadın gimnastlar arasında sərbəst hərəkətlərdə təsnifat mərhələsinə özbəkistanlı Dildora Aripova liderlik edir.
Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.