×
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
Müxbir: Salam, “France 24” kanalının flaqmanı olan “Üzbəüz” verilişinə xoş gəlmisiniz. Bu gün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?
Prezident İlham Əliyev: Bəli, elə düşünürəm. Çünki bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Yeri gəlmişkən, ABŞ Prezidenti Birgə Bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.
Müxbir: Bu, çox yaxşı bir hissdir. Lakin tam normallaşma üçün nə çatışmır? Belə başa düşürəm ki, Azərbaycan üçün məsələ Ermənistanın Konstitusiyası və orada Qarabağa aid ərazi iddiaları ilə bağlı mətnlə əlaqədardır. Bu, Sizin üçün mütləq qırmızı xətt deməkdir? Bu dəyişməsə, normallaşma olmayacaq?
Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bu olmasa, sülh sazişi imzalanmayacaq. Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım, çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq.
Müxbir: Bu il?
Prezident İlham Əliyev: Sözsüz ki.
Müxbir: Vitse-prezident Cey. Di. Vens hər iki ölkəyə səfər edib. Strateji tərəfdaşlıq münasibətləri elan edilib və bu tərəfdaşlıq çərçivəsində ABŞ indi Azərbaycana bütün növ silahları satacaq. Həmçinin TRIPP layihəsi, yaxud Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu var. Bu, Ermənistandan keçən və eksklavınız olan Naxçıvana gedən magistral yol və dəmir yoludur. Bu, sadəcə boş ümidlərdir, yoxsa həqiqətən baş verəcək və dinamikanı dəyişəcək?
Prezident İlham Əliyev: Məndə bunun baş verəcəyinə dair heç bir şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. Düşünürəm ki, ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Yeri gəlmişkən, demək istərdim ki, hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək.
Vitse-prezident Vensin səfəri ilə bağlı suala gəldikdə isə bəli, bu, çox mühüm bir səfər idi. Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.
Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, bağlantı, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Müxbir: Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi?
Prezident İlham Əliyev: Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.
Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.
Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi?
Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz?
Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir.