×
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kəndə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.
Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Salam, xoş gəlmisiniz.
Qadın sakin: Salam, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Salaməleyküm.
Kişi sakin: Sizinlə fəxr edirik, cənab Prezident.
Prezident İlham Əliyev: Salam, salaməleyküm.
Qadın sakin: Fəxr edirik, həmişə fəxrimizsən.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Dövlətimizin başından əskik olmayasınız.
Prezident İlham Əliyev: Çox sağ olun, xoş gördük. Salam, qızım. Xoş gəlmisiniz doğma vətəninizə.
Qadın sakin: Siz də xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Salaməleyküm. Əziz horovlulular, sizi ürəkdən salamlayıram. Bu gün Horovlu kəndinin tarixində çox əlamətdar, unudulmaz, tarixi bir gündür. Kəndin sakinləri öz doğma torpağına qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın.
Sakinlər: Sağ olun, çox sağ olun.
Prezident İlham Əliyev: Dövlət sizin üçün bütün şəraiti yaradıb. İndi Horovlu kəndi göz oxşayır. Çox gözəl binalar, məktəb, uşaq bağçası, tibb məntəqəsi və iş yerləri yaradılır. Evlərin sayı 334-dür və burada birinci mərhələdə 1400 insan məskunlaşacaq. Məndə olan məlumata görə, işğala qədər Horovlu kəndində 1500 adam yaşayırdı. İndi təbii ki, ailələr böyüyüb və horovluluların sayı 2 mindən bir qədər çoxdur. İkinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək. Ancaq hesab edirəm ki, birinci mərhələdə görülən bu işlər təqdirəlayiqdir. Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var.
Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində erməni işğalından azad edilmişdir və əslində, bizim Zəfər yürüşümüz bu bölgələrdən başlamışdır. Cəbrayıl, Füzuli istiqamətində irəli gedən bizim əsgər və zabitlərimiz düşmənin bir neçə müdafiə xəttini yara bilmiş, beləliklə, gələcək Zəfər yürüşümüzü şərtləndirmişlər. Allah şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim bizim qəlbimizdə yaşayır, yaşayacaq.
Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb.
Azərbaycan xalqı mərd xalqdır, qəhrəman xalqdır, iradəli xalqdır, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim olmağa məcbur oldu.