Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
×
Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
Dövlətimizin başçısı bildirib ki, “onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”, dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. “Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə törətdiklərini qeyd edən Prezident deyib: “Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq”.