×
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verdi.
Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.
“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.
Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.
Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.
Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb.
Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.