×
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.
AZƏRTAC xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış oldular. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə "Soltan", "Ürək", "Sereyin", "Aypara", "Şöhrət", "Ötqəm" və "İldırım" adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.
Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.
Sonra dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Babək kvartalında həyata keçirilən işlərlə tanış oldular. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.
Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, “Ağ Şəhər” çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun "Xətai" stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağaclarını əkdilər.
Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.
Dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak etdilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdi.
Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı "Six Public Clocks" adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.
Meydanda yerləşən Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Cadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı "Flaminqo" əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.