Avqustun 10-da peşə təhsili müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
×
Avqustun 10-da peşə təhsili müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov yeni tədris ilində peşə təhsilinin əhatə dairəsinə və qəbul prosesinə dair məlumat verib. Hazırda sözügedən təhsil pilləsinə olan maraq və əmək bazarının tələblərini nəzərə alaraq, cari tədris ilində qəbul planının artırıldığı və 20-yə qədər yeni ixtisasın qəbul planına əlavə edildiyini bildirib. Qeyd edib ki, 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas olmaqla 21 min 260 yer üzrə aparılacaq. Ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb. Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı, yeni ixtisasların tədrisinə başlanılması da nəzərdə tutulur.
Ceyhun Kərəmov diqqətə çatdırıb ki, bu tədris ilində texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisas, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisas üzrə tədris aparılacaq. Yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılıb.
Sosial həssas qrupa daxil olanlar - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət peşə məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin də dövlət peşə məktəblərində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuyev tələbə qəbulu üzrə qaydalar barədə geniş məlumat verib. Bildirib ki, 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul avqustun 10-dan 20-dək portal.edu.az vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Agentliyin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Zaur Əliyev yüksək texniki peşə təhsil səviyyəsi haqqında təqdimat edib. Vurğulayıb ki, yüksək texniki peşə təhsil səviyyəsi subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını həyata keçirir. Qəbulun əsas məqsədi müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki kadr hazırlığını aparmaqdır. 2021/2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə məktəbində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaq. Yüksək texniki peşə təhsili səviyyəsi üçün 15 ixtisas üzrə dövlət hesabına 840 yer ayrılıb.
Tədbirdə peşə təhsili müəssisələrinə qəbula qeydiyyatla bağlı təlimat videosu nümayiş etdirilib.