Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.
×
Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər dezinfeksiya həftəsi elan edilib.
AZƏRTAC xəbər verir ki, avqust 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacağı nəzərdə tutulub.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində qurumun balansında olan yaşayış binalarında, lift kabinalarında, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları əhali arasında virus əleyhinə vaksinasiya olunma səviyyəsinin monitorinqi ilə bağlı yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə, mənzillərdə reydlər keçirilir. Həmçinin vətəndaşlarla maarifləndirmə işləri aparılaraq onlara, ilk növbədə, virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə mübarizə xalqımızın təhlükəsizliyi məsələsidir. Pandemiyadan qurtulmaq üçün vətəndaşlarımız, ilk növbədə, vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.