Dünyanın üzünü-astarını görmüş ixtiyar qocalar qərib durnaların cənuba sıralanan qatarına baxıb köks ötürürlər: “Ömrümüzdən bir payız da keçdi.
×
Dünyanın üzünü-astarını görmüş ixtiyar qocalar qərib durnaların cənuba sıralanan qatarına baxıb köks ötürürlər: “Ömrümüzdən bir payız da keçdi...”.
Üzü qışa qalan təbiət ayaqlar altında xışıldayan yarpaqların həzinlik nəğməsinə qulaq kəsilib. Zümrüd donlu meşələrə indi qızılı-sarı don biçilib, parklar, xiyabanlar rəngbərəng şalını başına atıb, meşə yoluna, bulaq üstə üz tutanların sıraları seyrəlib. Bunu təkcə buz kimi suyu diş donduran bulaq, topa-topa buludların ara-sıra “döyəclənən nağarası”, üzü qışa getdikcə əynimizin qalınlaşan geyim-kecimi demir, bunu həm də lalıqlayıb yerə tökülmüş əzgilin, ağacın əlyetməz budağında ilişib qalmış alma-armudun şirinliyi, dadı-ləzzəti deyir.
İlin-günün bu vədəsi təbiət al-əlvan naxışlı xalını xatırladır. Dünyanın hansı rəngini, hansı naxışını desən, həmin xalının üstündə tapa bilərsən. Saplağından qopub üzülən, yellənə-yellənə vida nəğməsi oxuyan yarpaqlar həmin xalının əlvan naxışlarıdır. Ən mahir rəssam da təbiətin yaratdığı rənglər önündə heyrət etməyə bilməz.Yaz sevincindən, yay qaynarlığından sonra hər yerə payız həzinliyi, süstlüyü hakim kəsilib. Payızın son günlərində ağaclar yarpaq libasını soyunduqca elə bil ana təbiətin gözündən yuxu tökülür, qış gəlincə özünün xəzəl yorğanına bürünüb yatmaq istəyir.
Qışın nəfəsini duyan meşələr lirik bir mahnı oxuyur. Hərdən asta-asta, xəfif-xəfif, əsən külək bu mahnıya dirijorluq edir. Hətta həmin musiqinin sədaları altında rəqs edən yarpaqlar da olur...
Ağaclardan qopub yellənə-yellənə yerə düşən yarpaqlar payızdan bahara ünvanlanan məktubları xatırladır. Meşənin səssizliyində xəzəllə örtülən cığırların sakitliyi düşüncələri gələcəkdən çox, keçmişə aparır. Nəğməli quşlar da sakit-sakit ağacların arasında dolaşır. Yay uzunu çağlayan bulaqların üstündən əl-ayaq çəkilir, bağlara, bağçalara həzin bir süstlük çökür. Təbiətə lal bir sükut hakim kəsilir...