Müxtəlif ölkələrdə koronavirus pandemiyasının inkişafı fərqli gedir. Bəzilərində birinci dalğa davam edir, bir sıra ölkələrdə ikinci dalğa müşahidə olunur.
×
Müxtəlif ölkələrdə koronavirus pandemiyasının inkişafı fərqli gedir. Bəzilərində birinci dalğa davam edir, bir sıra ölkələrdə ikinci dalğa müşahidə olunur. Payız aylarında koronavirus pandemiyasının güclənməsi ehtimalı hava dəyişikliyinin baş verməsi və həmin mövsümdə adi soyuqdəymələrin daha çox qeydə alınması ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparatının rəhbəri Nadir Zeynalov deyib.
O, bildirib: “Ehtimal olunur ki, payız aylarında müxtəlif ölkələrdə karantin tədbirləri yavaş-yavaş yumşalacaq və daha çox insan işə qayıdacaq. Çünki iqtisadi çətinliklər də yaranır. Hazırda ölkəmizdə görülən işlər bir növ gələcəyə hazırlıqdır. Biz ölkəmizdə pandemiyanı nə qədər nəzarət altına ala biləriksə, bir o qədər də payız və qış mövsümləri üçün hazır vəziyyətdə ola bilərik. Burada iş yerlərində sanitar-epidemioloji qaydalara riayət məsələsi də önəmlidir. Həmin qaydalara əməl edilsə, pandemiyanın güclənməsinin qarşısını ala bilərik. Əks halda isə onun güclənməsi mümkündür”.