Mayın 12-də Beynəlxalq Tibb Bacısı Günü münasibətilə 2 nömrəli Bakı Baza Tibb Kollecində UNICEF-in dəstəyi ilə yaradılmış Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı olub.
×
Mayın 12-də Beynəlxalq Tibb Bacısı Günü münasibətilə 2 nömrəli Bakı Baza Tibb Kollecində UNICEF-in dəstəyi ilə yaradılmış Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olub, “Patronaj xidmətində universal müvəqqəti model” mövzusunda dərsdə iştirak ediblər.
Sonra tədbir rəsmi hissə ilə davam edib.
Tədbirdə çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyeva respublika üzrə 50 minə yaxın tibb bacısı olduğunu diqqətə çatdırıb. O, istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus
pandemiyası dövründə tibb bacılarının və tibb qardaşlarının vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.
Səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib ki, səhiyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsində tibb bacıları, tibb qardaşlarının rolu heç də az deyil. Onlar həkimlərlə bir yerdə işləyir və
xəstələrin şəfa tapmasında birgə əmək sərf edirlər.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens regionlara səfər zamanı tibb bacılarının fəaliyyətini müşahidə etdiyini və ailələrin patronaj tibb bacılarına yüksək etimad göstərdiklərini bildirib.
“Sevindirici haldır ki, Resurs Mərkəzi istifadəyə verilməklə bu fənn kurikuluma daxil edildi. Bu da gələcəkdə tibb bacı və qardaşlarının yerlərdə patronaj xidmətləri daha peşəkar və səriştəli şəkildə göstərməsinə səbəb olacaq”, - deyə A.Haykens bildirib.
Sonra kollecin müəllimi Təravət Nəbiyeva Beynəlxalq Tibb Bacısı Günü ilə bağlı təqdimatla çıxış edib.
Tədbir bədii hissə ilə davam edib.