Fəaliyyətini dövlət–dövlət, dövlət-vətəndaş və dövlət–özəl istiqamətli elektron xidmətlərə fokuslanaraq davam etdirən Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) elektron xidmətlərin göstərilməsi və inkişafı üçün vətəndaşlara xidmət edir.
×
Fəaliyyətini dövlət–dövlət, dövlət-vətəndaş və dövlət–özəl istiqamətli elektron xidmətlərə fokuslanaraq davam etdirən Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) elektron xidmətlərin göstərilməsi və inkişafı üçün vətəndaşlara xidmət edir.
Vətəndaşlar arasında daim müxtəlif sorğular keçirərək onların ehtiyaclarını müəyyən edən və araşdırmalar edərək beynəlxalq təcrübədə texnoloji innovasiyanı yaxından izləyən EHİM bu dəfə “ASAN Login” sistemi üzrə yeni imkanı vətəndaşların istifadəsinə təqdim edib. Belə ki, “ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu EHİM-in direktoru Fariz Cəfərov deyib.
"Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər. Sistem vətəndaşlara zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanlarını yaradır.
Məhz bu üstünlüklər sayəsində 2020-ci ildə “ASAN Login”də istifadəçi sayı 2019-cu illə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib", - deyə F.Cəfərov bildirib.