Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 2-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
×
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 2-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ombudsman əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Ombudsman ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyub.
Daha sonra jurnalistlərə müsahibə verən ombudsman Səbinə Əliyeva Azərbaycanda insan hüquqlarının təmini istiqamətində görülən işlərdən danışıb, bu məsələnin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu bildirib. “Ombudsmanın 2020-ci il üzrə hesabatı hazırlanıb və Konstitusiya Qanununa uyğun olaraq dövlətimizin başçısına təqdim edilib. İllik məruzədə irəli sürülən təkliflərin qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramlarının, məqsədli layihələrin icrası prosesində nəzərdə tutulması gələcəkdə insan hüquq və azadlıqlarının daha da səmərəli təmininə töhfə verəcək”, - deyə S.Əliyeva qeyd edib.