Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq akkreditasiyadan keçməklə, yüksək status əldə edib və Dünya Tibb Təhsili Federasiyasının keyfiyyət nişanını qazanıb.
×
Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq akkreditasiyadan keçməklə, yüksək status əldə edib və Dünya Tibb Təhsili Federasiyasının keyfiyyət nişanını qazanıb.
Bu barədə AZƏRTAC-a müsahibəsində Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) baş direktorunun məsləhətçisi Olqa Yanovskaya bildirib.
O deyib: “Bu standartlar Azərbaycan Tibb Universitetinin dünya bazarında rəqabətqabiliyyətli olmasına, beynəlxalq tibbi təhsil məkanına daxil olmasına, yüksək səviyyəli mütəxəssislər hazırlamasına imkan verən və bu mütəxəssislərə həm öz ölkəsinin əmək bazarında, həm də onun hüdudlarından kənarda tələbat yaradan dünya standartlarıdır”.
Onun sözlərinə görə, beynəlxalq akkreditasiya bu ali təhsil ocağının məzunlarının aldıqları diplomları konversiya etmək şansı verir. O xatırladıb ki, 2024-cü ildən etibarən bütün tibbi ali təhsil müəssisələri məhz Dünya Tibb Təhsili Federasiyasının beynəlxalq səviyyəli akkreditasiyasına malik olmalıdır və akkreditasiya ixtisasına sahib olan hər bir məzuna ali məktəbi bitirdikdən sonra əmək bazarında tələbat olacaq.
Azərbaycan Tibb Universitetinə bundan sonra da böyük perspektivlər, onun məzunlarına əmək bazarında daim tələbat olmasını, burada dünya səviyyəli mütəxəssislər yetişdirilməsini arzulayan professor Olqa Yanovskaya deyib: “Bu akkreditasiya olmadan istər ölkədə, istərsə də ölkə hüdudlarından kənarda işə düzəlmək mümkün deyil. ATU akkreditasiyadan keçməklə, öz tələbələri üçün geniş imkanlar qazanır. Tələbə universiteti bu ixtisas üzrə qurtarmaqla, təhsilini axıra çatdırmadan öz təhsilinin növbəti mərhələsini Avropanın istənilən ali məktəbində davam etdirə bilər. Universitetin özünün nüfuzu da çox mühümdür. Bu, əcnəbi tələbələrin tədrisə cəlb olunmasına, beynəlmiləlləşdirilmənin, akademik mobilliyin genişlənməsinə və ali məktəbin özünün tanınmasına şərait yaradır”.
Xatırladaq ki, Azərbaycan Tibb Universiteti Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyasını keçib.