×
Beynəlxalq Diabet Federasiyasının 2019-cu ilin yekunları ilə əlaqədar paylaşdığı statistikaya əsasən, dünyada 463 milyon şəkərli diabetli xəstəsi var idi. Hazırda həmin rəqəm 537 milyona çatıb. Təkcə son iki ildə həmin xəstəliyə mübtəla olanların sayı 74 milyon nəfər, yəni 16 faiz artıb. Halbuki, ekspertlər həmin rəqəmi 2030-cu ilə qədər gözləyirdilər. Bu, o deməkdir ki, indiyədək dünya əhalisinin hər 11 nəfərindən biri şəkərli diabet xəstəsi idisə, indi hər 10 nəfərdən biri həmin xəstəlikdən əziyyət çəkir. Hazırda ölkəmizdə həmin xəstəliklə əlaqədar rəsmi qeydiyyatdan keçən 283 min nəfər xəstə var.
AZƏRTAC xəbər verir ki, bu barədə Diabet həftəsi ilə əlaqədar keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Diabet Cəmiyyətinin sədri Mominat Ömərova son illər ölkəmizdə şəkərli diabet xəstələrinin müalicəsi sahəsindəki vəziyyət barədə danışaraq bildirib ki, “Azərbaycanda diabetə qarşı mübarizə məqsədilə 2016-2020-ci illər üçün “Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir. Proqram çərçivəsində diabetin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, xəstəliyin profilaktikası, müalicə və reabilitasiyası, bu xəstəlikdən əziyyət çəkən şəxslərin dərman preparatları, eləcə də özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi, o cümlədən digər tədbirlər həyata keçirilir.
Cəmiyyətin sədri deyib: “Diabetin müalicəsinin hər kəs üçün əlçatan olması barədə Beynəlxalq Diabet Federasiyasının müraciəti var. Əvvəllər federasiya həmin xəstələrin həyatının uzadılmasını başlıca vəzifə olaraq irəli sürürdüsə, indi onların həyat keyfiyyətinin yaxşılaşdırılması əsas məsələlərdən biridir. Başqa sözlə desək, söhbət yalnız dərmanla xəstələrin ömrünü uzatmaqdan yox, onların normal və keyfiyyətli həyat yaşamasından söhbət gedir. Bu sahədə diabet xəstələrinin keyfiyyətli dərman preparatları ilə təmin edilməsi ən vacib məsələlərdən biridir”.
O, xüsusilə pandemiya şəraitində həmin xəstələrin xüsusi risk qrupunda olduğunu diqqətə çatdıraraq bu sahədə ölkəmizdə görülən tədbirlərdən də bəhs edib: “Əlbəttə, son vaxtlaradək ölkəmizdə diabet xəstələrinin dərmanla təchizatı sahəsində xeyli çətinliklər var idi. Qeyd etmək istəyirəm ki, bizim bu barədə H.Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciətimiz çox həssaslıqla qarşılandı. Ötən il onun təşəbbüsü ilə Azərbaycanda olan bütün diabetlı uşaqlar təmənnasız olaraq ən keyfiyyətli insulinlə təmin ediliblər”.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şəkərli diabet şöbəsinin müdiri Sevil Mustafayeva Ümumdünya Səhiyyə Təşkilatının “Bütün şəkərli diabet xəstələrinin keyfiyyətli müalicələrlə təmin edilməsi” layihəsinin ölkəmizdə həyata keçirilməsi barədə məlumat verib. Həkim-endokrinoloq deyib: “Böyüklərdən fərqli olaraq uşaqlar arasında diabetlə mübarizə aparılması xeyli çətindir. Bir məsələni qeyd edək ki, hər dəfə yeməkdən qabaq qanda qlükozanın miqdarını yoxlamaq, lazımlı insulin vahidlərini vurmaq və bundan sonra qidalanmaq lazım gəlir. Belə olan şəraitdə valideynlərin məlumatlı olması çox mühüm rol oyanır. Ona görə də valideynlərin iştirakı ilə ayrı-ayrı rayonlarda görüş və təlimlər keçirilib, xəstə uşağı olan hər bir ailəyə lazımi təlimatlar verilib”.
Sevil Mustafayeva bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, H. Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə şəkərli diabetli uşaqlara kömək uğurla həyata keçirilir. 2019-cu ilin noyabrında Fond ölkəmizdə olan diabetli uşaqlara Danimarkanın “Novo Nordiks” şirkətinin istehsal etdiyi “Tresiba” insulinini hədiyyə edib. 2020-ci ilin yanvarından etibarən həmin dərman preparatları paylanılmağa başlayıb. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, həmin dərmanlar 1600 nəfər şəkərli diabet xəstəsi olan uşaqlara paylanılıb. Bunun ardınca Səhiyyə Nazirliyi həmin layihəni davam etdirərək 18 yaşınadək bütün şəkərli diabet tip 1 uşaqlara “Tresiba” insulininin təchizatını təmin edib.
Həkim-endokrinoloq yeni dərman preparatının üstünlükləri barədə bunları deyib: “Əgər indiyədək istifadə edilən Danimarka istehsalı olan “Levemir” 12 saat, Fransanın “Sanoft” şirkətinin istehsal etdiyi “Lantus” 20 saat təsir göstərirdisə, “Tresiba” isə 40-48 saatlıq təsir göstərən insulindir”.
Onun dediyinə görə, prediabetli xəstələrin sayı diabeti olanlardan iki dəfə çoxdur. İkinci qrup şəkərli diabetin profilaktikası prediabetin aşkarlanması və müalicəsinə əsaslanır. Erkən aparılan diaqnostika və vaxtında müdaxilə ikinci qrup şəkərli diabet xəstəliyinin qarşısının almasında ən vacib tədbir sayılır.