Orta əsrin düşüncə tərzi Allahla bağlı olduğundan hər bir məsələ dinin köməkliyi ilə yerinə yetirilirdi. Hesab olunurdu ki, baş verən hadisələr tanrının iradəsilə bağlıdır.
×
Orta əsrin düşüncə tərzi Allahla bağlı olduğundan hər bir məsələ dinin köməkliyi ilə yerinə yetirilirdi. Hesab olunurdu ki, baş verən hadisələr tanrının iradəsilə bağlıdır. Bu düşüncə tərzi, həm də o dövrdə insanların həyat tərzinə təsir edirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçilik Akademiyasının professoru Nizami Məmmədov deyib.
“Nizami Gəncəvi və qlobal düşüncə üsulunun yaranması” mövzusuna çıxış edən Nizami Məmmədov deyib: “Qlobal düşüncəyə fəlsəfi tərəfdən yanaşdıqda insanların toplu halda yaşaması nəzərdə tutulur. Hər bir iqtisadi və ya siyasi məsələni həll etmək üçün qlobal düşüncəyə müraciət edirik. Bu gün qlobal düşüncə vacib bir amilə çevrilib. Dünya sivilizasiyası mövcud olduqca insanlar hər zaman dahi alim və mütəfəkkirlərin fikrinə müraciət edəcək”.
Alim bildirib ki, bu günə qədər əlbəttə ərəb-müsəlman mədəniyyətinin dünyaya böyük təsiri olub. Bu mədəniyyət nəinki insani dəyərləri qoruyub, hətta onları yayıb. Əvvəlcə Nizami Orta Şərqə, sonradan isə Avropa xalqlarına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami İslam dünyasını ideyalari ilə birləşdirib. Ancaq keçmişdən gələn ideyalar bir sıra məsələləri həll edə bilər.
Nizaminin ideyalarında gələcəyə istiqamətlənən sətiraltı mənalar olduğunu vurğulayan Nizami Məmmədov deyib: “İnsanın fəaliyyəti, onu öz təbiətindən çıxarıb, özündə fövqəladə xüsusiyyətləri oyada bilər. İnsanın təbiət üzərində hökmranlıq etməsi ideyası məhz Nizamidən gəlir. Nizaminin cəmiyyət haqqında düşüncələri onun əsərlərində məharətlə təsvir olunur. Nizami Gəncəvinin diktatura ilə bağlı fikirləri, hökmranlıq etmə qaydaları və müharibələrdən qaçmaq üsulları “İsgəndarnamə” əsərində xüsusi yer tutur”.