×
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələrinin toplandığı mərkəzlərindən biri sayılır. İnstitut orta əsr elmlərinin bütün sahələrini - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.
İnstitutun baş direktoru akademik Teymur Kərimli AZƏRTAC-a bildirib ki, əvvəllər Respublika Əlyazmalar Fondu kimi fəaliyyət göstərən institut 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və dəstəyi nəticəsində elmi-tədqiqat müəssisəsi statusu aldı. Fondun bazasında Əlyazmalar İnstitutu yaradıldı. Ulu Öndərin təşəbbüsü ilə Əlyazmalar İnstitutu paytaxtın mərkəzində, bu gün İstiqlaliyyət adlanan küçədə yerləşən tarixi binaya köçürüldü və ona böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adı verildi. Hazırda institutda 50 mindən artıq material qorunur. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalarıdır ki, IX-XX əsrlərdə yazılıb və ya üzü köçürülüb. Bundan başqa, institutda XIX-XX əsrdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi arxivi, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilir. İnstitutda digər əlifbalarda da qədim əlyazmalar qorunur. Məsələn, institutun fondunda Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ivrit əlifbası ilə yazılmış əlyazması da var.
Burada 4 unikal əlyazma mühafizə olunur
Akademikin sözlərinə görə, Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən və perqament üzərində yazılmış Quranın “Ən-Nisa” surəsinin bir hissəsidir. Bundan əlavə, institutda 4 unikal əlyazma mühafizə olunur ki, bunlar İbn Sinanın “Tibb elminin qanunu” əsərinin II cildi, Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin “əl-Məqalə əs-Sələsun” əsəri və Məhəmməd Füzulinin anadilli “Divanı”nın əlyazmasıdır. Məhəmməd Füzulinin M-236 şifrli anadilli “Divan”ının əlyazması şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən nüsxədir. Bu əlyazma həmin “Divan”ının ən mötəbər nüsxəsi sayılır. T.Kərimli sadalanan materialların 2005 və 2017-ci illərdə UNESCO-nun “Dünya Yaddaşı” siyahısına əlavə edildiyini bildirib.
İnstitutun fondu qiymətli eksponatlarla zənginləşir
Akademik deyib ki, son illərdə instituta çox dəyərli əlyazma, fotosurət, elektron surət və əski mətbuat nümunələri hədiyyə olunur. Bunların sırasında ən qiymətlisi Prezident İlham Əliyevin instituta hədiyyə etdiyi Məhəmməd Füzulinin əsərlərinin XIX əsrə aid əlyazma nüsxəsidir. Həmin nüsxəni 2022-ci il iyunun 21-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə ərməğan edib. Ölkə rəhbərimiz də həmin əlyazmanı Əlyazmalar İnstitutuna bağışlayıb.
Bundan əlavə, Tehranda hicri-şəmsi tarixi ilə 1387-ci ildə çap olunmuş, əsli Tehranda Məclese-şoraye-melli kitabxanasında saxlanılan “Səfineye-Təbriz” əsərinin əlyazmasının faksimilesi, xarici ölkələrin kitabxanalarında mühafizə olunan Azərbaycan müəlliflərinin əsərlərinin onlarla müxtəlif əlyazmalarının elektron surəti və “Ziyayi-Qafqaziyyə” qəzetinin bütün nömrələrinin toplusu bu il instituta hədiyyə edilən qiymətli nümunələrdəndir.
Materiallar sistemləşdirilərək elektron kitabxana bazasına daxil edilir
İnstitutun fondlarındakı əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə əlyazmalar Elektron resurslar şöbəsi tərəfindən sistemləşdirilir və rəqəmsallaşdırılır. Əski çap kitablarının müasir informasiya vasitələrinin tətbiqi yolu ilə elektron kataloqu, elektron kitabxanası yaradılır. Rəqəmsallaşdırılmış əlyazmalar uzun müddət saxlama və istifadə üçün multimedia disklərinə köçürülür. Əlyazmaların elektron versiyası “Book Drive DİY” kitab skaneri və “Canon” fotoaparatlarının vasitəsilə həyata keçirilir. Bu il 1165 nüsxə - 267 min 425 səhifə təşkil edən əlyazma elektronlaşdırılıb. Hazırda əlyazmaların elektron kitabxanasının bazasına 7 min 813 nüsxə - 2 milyon 249 min 240 səhifə təşkil edən əlyazma daxildir. Ümumiyyətlə, institutun fondlarında mühafizə olunan 12 min nüsxə kitab abidəsinin tam yarısı artıq elektronlaşdırılıb.
Əlyazma nüsxələri xüsusi temperaturda saxlanılır
Qədim əlyazma və eksponatların xüsusi mikro iqlim şəraitində mühafizə olunduğunu deyən institutun baş mühafizi dosent Səbinə Əhmədova bildirib ki, saxlanc otaqlarının temperaturu hər gün yoxlanılır və hava şəraitinə uyğun tənzimlənir. Ümumiyyətlə, əlyazma nüsxələri xüsusi temperaturda saxlanılır və onlar ildə iki dəfə dezinfeksiya edilir. İnstituta daxil olan bütün materiallar ilk növbədə elmi müəssisənin öz laboratoriyasında nəzərdən keçirilir, ehtiyac yarandıqda isə bərpaya göndərilir. Sonra həmin eksponatlara inventar nömrə və şifrə verilib fonda daxil edilir.
Natəvanın “Gül dəftəri”, ilan dərisi üzərində “Quran”, Sultan Süleymanın fərmanları
Baş mühafiz S.Əhmədovanın sözlərinə görə, saxlanc otaqlarında çox qədim və maraqlı eksponatlar, əlyazmalar qorunub saxlanılır. İlan dərisi üzərində “Quran” surəsi, balıqqulağı üzərində “Quran” ayəsi, Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu, şairənin şəxsi qələmi və qələmdanı, XIX əsrin ortalarına aid ipək parça üzərində afişa, Əmir Teymurun dövrünə aid astronomik alət (üsturlab), perqament üzərində ornamentlər, Sultan Süleyman və Şah Abbasa aid fərmanlar, qədim möhürlər, həmçinin nəfis tərtibatlı müxtəlif “Quran” kitabları fondda mühafizə olunan ən qədim eksponatlardandır.
Qədim əlyazmalar necə bərpa olunur?
Əlyazmaların gigiyena və bərpası laboratoriyası institutda saxlanılan bütün əlyazma və çap materiallarının elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpası, yeni alınan materialların karantin şəraitində gigiyena və bərpası, xəzinələrin zərərvericilərdən təmizlənməsi, dezinseksiya işlərinin həyata keçirilməsi ilə məşğul olur. Laboratoriyanın rəhbəri Zaur Orucov deyib ki, əlyazmaların ömrünün uzadılması üçün müxtəlif kimyəvi preparatlardan və texniki üsullardan istifadə edilir. İnstituta təqdim edilən əlyazmalar əvvəlcə təmizlənmə prosesindən keçir və dərmanlanma aparatında saxlanılır. Kitabın vəziyyətindən asılı olaraq, 3-7 gün ərzində təmizlənmədə qalan vərəqlər sonra xüsusi maye ilə yuyulur. Vərəqlərin tərkibi korlandıqda onlara sellüloz adlı maddə əlavə olunaraq bərkidilir və sonra bərpa prosesinə yönəldilir. Sonra əməkdaşlar tərəfindən kağızın üslubu təyin olunur. Bərpa prosesində əsasən keyfiyyətli yapon kağızlarından istifadə edildiyini deyən laboratoriya müdiri onların əsasən tut ağacının liflərindən hazırlandığını söyləyib. Mütəxəssis qədim əlyazmaların, əski kitabların cildləmə prosesində şirazi adlanan köhnə üsuldan da istifadə edildiyini deyib.
Mədəni sərvətimizin mühafizə olunduğu Əlyazmalar İnstitutunun milli elmimizin inkişafındakı yeri və rolu əvəzsizdir. Əminik ki, elmi, mədəni, milli-mənəvi irsimizin qorunub saxlanılmasında böyük rolu olan Əlyazmalar İnstitutu bundan sonrakı fəaliyyətini uğurla davam etdirəcək