Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhalinin pandemiyaya münasibəti mövzusunda iki istiqamətdə böyük sorğu keçirilib.
×
Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhalinin pandemiyaya münasibəti mövzusunda iki istiqamətdə böyük sorğu keçirilib. Sorğu nəticəsində, əhalinin COVID-19-la bağlı məlumat səviyyəsi, vaksinasiyaya münasibəti, iqtisadi-sosial vəziyyətin səviyyəsi, tibb müəssisələrinə çıxışın təminatı və s. öyrənilib. Ötən müddət ərzində mərkəz əhalinin COVID-19-la bağlı maarifləndirilməsi istiqamətində kifayət qədər maarifləndirmə və təşviqat işləri həyata keçirib.
Bu barədə AZƏRTAC-a açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov məlumat verib.
N.Seyidov bildirib ki, sorğu nəticəsində əhalinin pandemiyaya münasibət dinamikasını müşahidə etmək mümkün olub: “Əhalinin vaksinasiyaya meyili kifayət qədər müsbət istiqamətdə dəyişib. Əhalinin əksəriyyəti koronavirus əleyhinə vaksinasiya olunmaqdan çəkinmir. Sorğu nəticəsində, həmçinin peyvəndləməyə meyilli olmayanların səbəbləri də müəyyən edilib. Eyni zamanda, tibb işçiləri arasında aparılan son monitorinqin nəticələrinə əsasən, ölkədə COVID-19 əleyhinə vaksinasiyanın effektivliyinin artdığı məlum olub”.