Dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün bu ildən etibarən yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsilə həyata keçirilir.
×
Dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün bu ildən etibarən yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsilə həyata keçirilir. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi , Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə 16 yataq sahəsində 40 Lot üzrə hərrac keçirilərək yer təki sahələri istifadəyə verilib. İlin sonuna qədər daha 29 Lot üzrə hərracın keçirilməsi nəzərdə tutulur. 2022-ci ildən etibarən işğaldan azad olunan bölgələr də daxil olmaqla hərracların keçirilməsi əsas prioritet olmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Dağ-mədən sektorunda islahatlar, inkişaf perspektivləri və yeni maliyyələşdirmə mexanizmləri" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, sahibkarlara dəstək olmaq məqsədilə agentlik tərəfindən keçirilmiş hərraclarda qalib olmuş şirkətlərə İqtisadiyyat Nazirliyinin Sahibkarla Kömək Fondunun dəstəyilə Paşa Bank ASC tərəfindən aşağı faizlə kreditlər verilib. Bununla əlaqədar digər sahibkarlıq subyektləri tərəfindən banka müraciətlər çoxalıb. Həmçinin bank tərəfindən dağ-mədən sektorunda müasir avadanlıqların və texnologiyanın tətbiq olunması ilə əlaqədar yeni maliyyələşmə mexanizmləri təklif olunur.
M.Babayevin sözlərinə görə, eyni zamanda, yeni ildən etibarən mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində önəmli qərarlar qəbul edilərək sahibkarlara məlumat veriləcək. Mədən sənayesində tam şəffaflığın təmin edilməsi və sahibkarlar tərəfindən bütün əməliyyatların elektron formatda yerinə yetirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən "elektron qeydiyyat və nəzarət sistemi platforması" qısa müddətdə istifadəyə veriləcək. Əsas məqsəd platforma vasitəsilə vaxt itkisi olmadan elektron formada müraciətlərin, hesabatların və icazə sənədlərinin verilməsi və hər bir istismarçının şəxsi kabineti vasitəsilə əməliyyatların cari vəziyyətinin izlənilməsini təmin etməkdir.